ADAU tələbəsi texnologiya və innovasiya sahəsində nüfuzlu inkişaf proqramına qəbul olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və Aqrokimya fakültəsinin “Bitki mühafizəsi” ixtisasının tələbəsi Sadiq Əliyev texnologiya və innovasiya sahəsində Azərbaycanın ən perspektivli gənc istedadları üçün hazırlanmış intensiv inkişaf proqramı olan VISTAR - Sahibkarlıq və Texnoloji İnnovasiya üzrə Mükəmməllik Proqramına qəbul olub.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikasının Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi Korporasiyası və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə təsis edilmiş “Vistar” Mükəmməllik Mərkəzində üçüncü dalğanın təlimlərinə müraciətlər açıq elan edilib.

Təlim proqramı İT sahəsində insan kapitalının gücləndirilməsi, erkən mərhələdəki startapların sistemli şəkildə inkişaf etdirilməsi, süni intellekt və peyk texnologiyalarının kommersiyalaşdırılması üzrə bilik və bacarıqların, həmçinin müasir biznes mühitində böyük önəm kəsb edən “yumşaq bacarıqlar”ın inkişafını hədəfləyir.

Yeddi həftə intensiv davam edəcək təlimlərdə iştirakçılar İsrailin Holon Texnologiya İnstitutu başda olmaqla, İsrailin bir sıra aparıcı təhsil mərkəzlərinin mentor və ekspert dəstəyindən faydalana biləcəklər. Proqramın yekununda iştirakçılar arasından startaplar formalaşacaq və “Demo Day” tədbirində həmin startaplar öz layihələrini təqdim edəcəklər.

İştirakçılar həmçinin Azərbaycanın gələcək texnologiya liderləri ilə güclü peşəkar şəbəkə qurmaq, beynəlxalq rəqabət bacarıqlarını inkişaf etdirmək və proqramı uğurla başa vurduqdan sonra mükəmməllik diplomu almaq imkanı əldə edəcəklər. Həmçinin, final layihəsinin qalib komandasına xüsusi mükafat veriləcək.

Qeyd edək ki, “Vistar” Mükəmməllik Mərkəzinin birinci dalğa təlimlərinə 2025-ci ilin noyabrında start verilmişdir. Təlim proqramı 2 əsas moduldan ibarətdir: “İnnovasiya və sahibkarlıq” və ”Peyk innovasiyaları və tətbiqləri”.


ADAU tələbəsi texnologiya və innovasiya sahəsində nüfuzlu inkişaf proqramına qəbul olunub