Tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması ADAU-nun prioritet istiqamətlərindəndir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Bitki mühafizəsi kafedrasının Bitki xəstəliklərinin diaqnostikası laboratoriyasında müxtəlif mənşəli xəstəliklərin diaqnozu prosesi həyata keçirilir.

Xəstəliklərin müəyyən edilməsi prosesində “Bitki mühafizəsi” ixtisasının tələbələri yaxından iştirak edərək əldə etdikləri bilik və bacarıqları daha da dərinləşdirirlər.

Ölkəmiz üçün xarici karantin obyekti olan tumlu meyvə bitkilərində Bakterial yanıqlıq (Erwinia amylovora (Burrill) Winslow et al) xəstəliyi kafedranın assistenti Zümrüd Quliyeva tərəfindən aparılan müşahidələr zamanı aşkarlanmışdır. Tələbələrin də iştiraki ilə xəstəlik yayılmış bağlardan xəstəliyə xas simptomlar daşıyan bitki nümunələri toplanmış və laboratoriyaya gətirilərək diaqnoz prosesinə başlanılmışdır. Əldə olunan izolatların biokimyəvi test nəticələri müsbət olmuşdur.

Molekulyar analizlər Ege Universitetinin “Bitki bakteriologiyası” laboratoriyasında aparılmışdır. Bu zaman xəstəliyin təyini üçün spesifik praymerdən istifadə olunmuşdur. Genom məlumatları Amerika Birləşmiş Ştatlarının Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəz (NCBI) tərəfindən 4 yanvar, 2024-cü ildə “PP064546_1” nömrəsi altında qeydə alınmışdır.

Xəstəliyin idarə olunmasında alternativ mübarizə vasitələrini müəyyən etmək məqsədilə aşkarlanmış izolarların mis sulfat və streptomisinə qarşı dayanıqlılıq səviyyəsi və uçucu yağların antibakterial təsir indeksi müəyyən edilmişdir. Aparılmış tədqiqatın nəticələri ilə bağlı məqalələr yerli və xarici jurnallarda dərc olunmuşdur.